"Təhlükəsiz məktəb": Qarabağ məktəblərində şagirdlər üçün təlimlər

25 Aprel, 2025
"Təhlükəsiz məktəb": Qarabağ məktəblərində şagirdlər üçün təlimlər

14-18 aprel tarixlərində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin (AİSA) birgə təşkilatçılığı ilə “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici təlimlər təşkil olunub.

İnstitut tərəfindən artıq üç ilə yaxındır icra olunan bu layihə çərçivəsində Ağdərə rayonu Talış kənd tam orta məktəbində, Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdə, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə və Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə təlimlər həyata keçirilib.

Layihənin məqsədi məktəblilərdə təhlükəsizlik mədəniyyətini formalaşdırmaq, fövqəladə hallarda düzgün davranış vərdişlərini aşılamaq və onların risklərə qarşı hazırlıq səviyyəsini artırmaqdır.

Təlimlərdə şagirdlər, müəllimlər və məktəb rəhbərliyi iştirak edib.

Tədbirlərdən əvvəl, azad edilmiş ərazilərdə şəhidlərimizin məzarları ziyarət olunub, Vətən yolunda canlarını fəda edənlərə ehtiram göstərilib.

Təlimlərin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən şagirdlərə qaz və elektrik təhlükəsizliyi, yanğın tədbirləri, mina təhlükəsindən qorunma və ilkin tibbi yardım barədə məlumat verilib. Praktiki mərhələdə şərti fövqəladə hadisə baş verib, məktəblilər təxliyə edilib, ilkin yardım göstərilib və "fəsadlar" aradan qaldırılıb.

Bu mərhələ uşaqlarda komanda ilə işləmə və fövqəladə hallara hazırlığı gücləndirib. Təlimlərin sonunda fəal iştirak edən şagirdlərə, məktəb rəhbərlərinə və müəllim heyətinə təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

“Təhlükəsiz məktəb” layihəsi, sadəcə bir tədbirlər toplusu deyil – bu, uşaqların həyatını qorumağa yönəlmiş strateji yanaşmadır. Çünki hər bir məktəbli – sabahın vətəndaşıdır, hər bir uşaq – təhlükəsiz və sağlam gələcəyimizin daşıyıcısıdır.

Fövqəladə Hallar Nazirliyi gələcəkdə də bu istiqamətdə ardıcıl və sistemli tədbirlərini davam etdirməkdə qərarlıdır. Məqsəd aydındır: təhlükəsiz cəmiyyət, təhlükəsiz məktəb, təhlükəsiz həyat.

Paylaş:
video