Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMDA) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi və təhlükə potensiallı obyektlərdə, eləcə də sənayenin digər sahələrində çalışan işçilərin bilik səviyyələrinin artırılması istiqamətlərində məqsədyönlü, ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.
Bu istiqamətdə görülən işlərlə tanış olmaq, həmçinin yeni texnologiyaların iş fəaliyyətinin əyani nümayişi üçün elmi-tədqiqat institutuna və institutun xidmətedici istehsalat sahəsinə media nümayəndələri ilə birgə baxış keçirilib.
Mediatur zamanı institutun təlim-tədris fəaliyyəti ilə tanışlıq olub. Bildirilib ki, yüksək keyfiyyətli təmirdən sonra ən müasir avadanlıqlarla təchiz olunmuş təlim-tədris otaqlarının yerləşdiyi inzibati binada xalqımızın ulu öndəri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stend təşkil olunub. Tədris otaqları müasir tələblərə cavab verən kompüter, lövhə, proyektor və ekranla, eləcə də daxili şəbəkə və internet xətləri ilə təchiz edilib. Burada eyni vaxtda 90 nəfərdən çox iştirakçıya tədris keçilməsi üçün hər cür şərait yaradılıb. İmtahan otağı xüsusi proqram təminatı vasitəsilə eyni anda 15 nəfərin imtahan verə biləcəyi şəkildə kompüter avadanlıqları ilə komplektləşdirilib.
Mediatur zamanı Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov və laboratoriya müdiri Etibar Yusifli mətbuat nümayəndələrinə institutun fəaliyyəti barədə məlumat verib, İnstitutun fəaliyyətində əsas məqsədin dağ-mədən sənayesində təhlükəsizliyin təmin olunması və təhlükəsizliyə dair məlumatları toplayaraq onları analiz etməkdən ibarət olduğunu bildirib.
Şöbə müdiri, həmçinin son zamanlar əldə edilən nailiyyətlərdən söz açaraq, institutun “ISO 9001 Keyfiyyət idarəetmə sistemi”, “İSO 14001 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” və “İSO 45001 Sağlamlığın mühafizəsi”, “Əməyin təhlükəsizliyi idarəetmə sistemi” beynəlxalq sertifikatlarına layiq görüldüyü, eləcə də “AZS İSO 17020:2021 Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartı üzrə akkreditasiyadan keçdiyi barədə məlumat verib.
Mediaturun sonunda agentliyin və institutun fəaliyyətinə dair film nümayiş olunub. Sonda jurnalistlərin suallarını cavablandırıb.