Haqqımızda

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu

Sənayedə texniki təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 1928-ci ildə Bakı Elmi-Tədqiqat İnstitutu yaradılıb.
İnstitut həmin dövrdən başlayaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla öz inkişafına başlayıb. Keçmişdə ümumittifaq Neft Elmi-Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutu adlanan 100 ilə yaxın bir tarixi olan bu institut, umumittifaq miqyasında şöhrət qazanıb və uzun illər istehsalda təhlükəsizlik məsəsələri üzrə fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin tərkib hissəsi olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu Nazirliyin strukturuna daxil edilib.
Hal-hazırda institutda texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə peşəkar mütəxəssislər çalışırlar. Onlar tərəfindən bu günədək 650-dən çox texniki normativ sənədlər hazırlanıb istifadəyə verilib.
Texniki təhlükəsizlik tədbirlərinin istehsalat sahələrində tətbiq edilməsi üçün institutda mütəmadi olaraq 58 növ təlim həyata keçirilir.
Eyni zamanda, institutun bazasında praktiki məşğələlərin keçirilməsi üçün xüsusi hazırlanmış təlim-məşq poliqonu mövcuddur. Burada təlim iştirakçılarına “Hündürlükdə işlərin təhlükəsiz görülməsi”, “İlk yardımın göstərilməsi”, “Kanatla yanaşma sistemi üzrə”, “Kran operatorları”, “Lift elektromexaniki”, “Çəngəlli yükləyici operatoru”, “Qaynaqçı”, “Dəmirbəndin təhlükəsiz quraşdırılması və sökülməsi” və s. sahələr üzrə praktiki məşğələlər keçirilir.
Təlim kurslarını bitirdikdən sonra tədris proqramının tələblərinə uyğun olaraq imtahan keçirilir və nəticədən asılı olaraq təlim iştirakçılarına müvafiq sənəd verilir.
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu İSO 9001 Keyfiyyət idarəetmə sistemi, İSO 14001 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi və İSO 45001 Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi sertifikatlarına layiq görülüb. 2022-ci ildə isə institut AZS İSO -17020-2008 “İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar“ standartına uyğun akkreditasiya olunub.
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu öz fəaliyyətini əsasən aşağıda göstərilən istiqamətlər üzrə qurub:
1.    Sənaye, dağ-mədən və digər xidmət sahələrinin layihə sənədləri, təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların və texniki qurğuların, təhlükəsizlik bəyannamələrinin və texniki təhlükəsizlık bəyannamələrinin texniki təhlükəsizlik üzrə ekspertizası;
2.    Sənaye, dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə normativ texniki aktların, o cümlədən qaydaların, metodiki sənədlərin, təlimatların, istehsalat sanitariyası və gigiyenası ilə əlaqədar olan sənədlərin hazırlanması və elmi-tədqiqat işlərinin aparılması;
3.    Müxtəlif tipli vışkaların (qazma, istismar, teleskopik, dor) dağıdıcı olmayan üsulla sınağı;
4.    Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsulla diaqnostika işləri (maqnit tozu üsulu, ultrasəs üsulu, nüfuzedici mayelər üsulu və vizual nəzarət üsulu);
5.    Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin yuyulması və deqazasiya edilməsi;
6.    Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin, texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki müayinəsi;
7.    Təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin mütəxəssisləri və işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları üzrə təlim kurslarının təşkil edilməsi;
8.    Təhlükə potensiallı obyektlərdə istismar olunan qurğu və avadanlıqların pasportlarının və istismar təlimatlarının bərpası;
9.    Zərərli istehsalat amillərinin ölçülməsi və iş yerlərinin attestasiyası;
10.    Təhlükəsizlik bəyannamələrinin (hidrotexniki qurğular) və texniki təhlükəsizlik bəyannamələrinin (quruda yerləşən) işlənilməsində texniki yardımın göstərilməsi.