Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir

15 Mart, 2024
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən məktəbilərin maarifləndirilməsi məqsədilə fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici təlimlər keçirilir.

 

 

Ulu Öndərin 100-cü ildönümünə həsr olunmuş “Təhlükəsiz Məktəb” Sosial Layihəsi çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında Bakı şəhərində yerləşən 1, 8, 46, 164 saylı məktəblərin 5, 6, 7-ci sinif şagirdləri üçün martın 13-dən etibarən silsilə təlimlərə başlanılıb.

 

   

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan

pilot layihə çərçivəsində məktəblilərə əməyin təhlükəsizliyi, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi, qazdan təhlükəsiz istifadə qaydaları, liftlərin təhlükəsiz istifadə qaydaları, elektrik təhlükəsizliyi üzrə elektrik cərəyanının təsirləri, məktəbdə və evdə baş verə biləcək elektrik təhlükələri, elektrik cərəyanından mühafizə tədbirləri barədə məlumat verilib və sonda elektrik cərəyanından azad edilmiş insana ilk yardım tədbirləri haqqında geniş məlumat şagirdlərin diqqətinə çatdırılıb. Həmçinin şagirdlərə ilk yardım trenajoru vasitəsilə ürəyin qapalı masajı və süni nəfəsvermə ilə bağlı əyani məşğələlər keçirilib.

 

 

Layihə çərçivəsində məktəbin informatika otağındakı kompüter texnikasında elektromaqnit sahəsinin sıxlığının alət ölçmələri vasitəsilə müayinəsi aparılıb və ölçmələr zamanı göstəricilərin buraxıla bilən həddlərə uyğun olması müəyyən edilib.

 

Təlimin sonunda iştirakçılara sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanılıb, sertifikatlar təqdim olunub. Məktəb heyəti isə maarifləndirici layihənin dəstəyinə görə dəyərləndirici nişanlarla təltif olunub.

 

“Təhlükəsiz Məktəb” sosial pilot layihəsinin 300-dən çox məktəblini əhatə etməsi planlaşdırılıb.

Paylaş: