Fövqəladə Hallar Nazirliyi “ASAN xidmət”də fəaliyyətə başlayıb

02 Noyabr, 2024
Fövqəladə Hallar Nazirliyi “ASAN xidmət”də fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar uzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (Agentlik) və FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin birgə əməkdaşlığı nəticəsində “ASAN xidmət”də sahibkarlara Agentlik tərəfindən xidmətlərin təqdim olunmasına başlanılıb.

 

Belə ki, ilkin mərhələdə sahibkarlar yeni fəaliyyətə başlamış Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər. Sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında Çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə “Xüsusi icazə”ni əldə edə bilərlər.

 

Prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, sözügedən xidmətlərin “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.

Paylaş: