FHN-in elmi-tədqiqat institutu tanınmış şirkətlə Anlaşma Memorandumu imzalayıb

04 Sentyabr, 2024
FHN-in elmi-tədqiqat institutu tanınmış şirkətlə Anlaşma Memorandumu imzalayıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və “TWI Technology and Training Centre” şirkətinin Azərbaycan Nümayəndəliyi (TWI) arasında Anlaşma Memorandumu imzalanıb.

 

TWI şirkəti böyük iş təcrübəsinə malik dünya səviyyəli elmi-texniki müəssisədir. 1946-cı ildən fəaliyyətə başlayan şirkətin baş ofisi İngiltərənin Kembric şəhərində yerləşir. Burada sənayenin bütün sahələrini (neft-qaz, aerokosmik, tikinti, nəqliyyat, tibbi avadanlıqlar və s.) əhatə edən xidmətlər göstərilir. 80 illik beynəlxalq təcrübəyə əsaslanaraq, şirkət Dağıdıcı və Qeyri-Dağıdıcı testlər (DT & NDT), Qaynaq Texnologiyası, Sertifikatlaşdırma, Qaynaq Mühəndisliyi, Uyğunsuzluğun Araşdırılması, Boru xəttinin müayinəsi (AG/UG), Risk əsaslı Müayinə (RBI), Xidmət üçün uyğunluq (FFS) və Aktivin bütövlüyü (Aktivlərin bütövlüyünün idarə edilməsi), köhnəlmiş obyektlərin müayinəsi, mühəndis proqram təminatı və s. üzrə ixtisaslaşıb. Eyni zamanda, şirkətin beynəlxalq Təlim və Sertifikatlaşdırma Mərkəzi yerli mütəxəssislərin müasir tələblərə uyğun inkişaf etməsinə şərait yaradır.

 

AzDƏMTTETİ və TWI arasında imzalanan Anlaşma Memorandumunda əsas məqsədi iki qurum arasında sənaye ve dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə elmi-texniki, metodiki xidmətlərin göstərilməsində, həmçinin texniki normativ hüquqi aktların və digər sənədlərin hazırlanması istiqamətlərində davamlı əməkdaşlığın qurulmasıdır.

 

Memorandum çərçivəsində TWI şirkəti AzDƏMTTETİ-nin fəaliyyət istiqamətləri üzrə birgə proqramların hazırlanmasında, beynəlxalq dəstək proqramlarında, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çağırışlarının reallaşdırılmasının təmin edilməsində AzDƏMTTETİ-yə dəstək göstərəcək. Bundan əlavə, tərəflər əməkdaşlığın inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün qarşılıqlı təcrübə mübadiləsini təmin edəcəklər.

Paylaş: