Yaşıl dünya naminə həmrəylik ili

25 Noyabr, 2024
Yaşıl dünya naminə həmrəylik ili

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin məsul əməkdaşları, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə qlobal xarakter alan iqlim dəyişmələrinə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-ci Sessiyasının əhəmiyyəti vurğulanıb.
Elmi-praktiki konfransın gedişatında təqdim olunan elmi məqalələr və məruzələr böyük maraq doğurub, texniki təhlükəsizliyin aktual aspektlərini əhatə edən məsələlər geniş müzakirə olunub və bu sahədə “yaşıl” inkişafa nail olunmasına dair təkliflər səsləndirilib.
Yekunda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransda toplanan elmi məqalələr Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunnun “PROHIS” jurnalında dərc olunacaq.

Paylaş:



video