İlk öncə onu qeyd edim ki, mənim fikrimcə siz institutda yeganə qadınsınız ki, “Yanğın-partlayış qaz və təzyiq altında işləyən avadanliqların təhlükəsizliyin şöbəsi” kimi mürəkkəb profilli şöbə müdirisiniz.
- Necə oldu? Belə çətin bir sahədə səyahətinizə necə başladınız? Zəhmət olmasa ətraflı danışın.
- Mən bu İnstitutda 1996-cı ildən elmi işçi vəzifəsində, sonra isə böyük elmi işçi vəzifəsində çalışmağa başlamışam. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişəm. İxtisasca kimya mühəndisiyəm.
Tələbəlik illərindən elm sahəsində çalışmışam, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda təbii suların geniş komponentlərinin analizi üzrə mühəndis, Tibbi Reabilitasiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışam.
2006-cı ildən Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin strukturuna daxil olan Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda Yanğın, partlayış, qaz və təzyiq altında işləyən avadanlıqların təhlükəsizliyi şöbəsində böyük elmi işçi, 2007-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıram.
Bu vəzifədə çalışmağa başladığımda əlbəttə çox çətinliklər olub. İnstitutun fəaliyyət istiqamətləri Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olması ilə əlaqədar olaraq yeni və çox maraqlı çalışmalar yerinə yetirilirdi. Bunlardan əsası, şöbənin fəaliyyət istiqamətinə uyğun olan istiqamət təbii və maye qaz təchizatı obyektlərinin (yaşayış və qeyri yaşayış) işçi layihələrinin ekspertizasının aparılması və rəyin verilməsidir. Bununla yanaşı, İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri olan normativ-texniki sənədlərin işlənib hazırlanması üzrə işlər bu günədək davam edir. Bir çox normativ-texniki sənədlər şöbə tərəfindən, mənim rəhbərliyimlə işlənib hazırlanıb. Bunlardan aşağıda sadalanan normativ-texniki sənədləri qeyd edə bilərəm:
1. “Vışkaquraşdırıcılar briqadası üzvlərinin təhlükəsiz iş üsullarına öyrənilməsi üçün fərdi kompüter bazasında Trenajor”-2008;
2. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları” -2010;
3. “Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları”-2012;
4. “Magistral qaz kəmərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik Qaydaları”-2013;
5. Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismarı Qaydaları.-2014;
6. “Neft və qazçıxarma obyektlərində (xüsusilə dəniz obyektlərində) baş verə biləcək bütün qəza növləri üzrə operativ xəbərdarlıq, qəzanın ləğvi və işçilərin təxliyyə edilməsi üzrə əlaqələndirilmiş və dəqiq fəaliyyət, rəhbərlik və təşkilatçılıq funksiyalarının yerinə yetirilməsi qaydalarını əks etdirən Təlimat” Bakı, 2008;
İnstitutun digər fəaliyyət istiqaməti olan təhlükə potensiallı obyektlərin “Rəhbər işçilərinin və mütəxəssislərin texniki təhlükəsizlik üzrə təlim kursu”nun təşkilinə keçirilməsinə rəhbərlik etmişəm. 2007-ci ildən bu günədək minlərlə mütəxəssis, mühəndis, texniki təhlükəsizlik üzrə cavabdeh şəxslər təlim kursları keçib və müvafiq sertifikatlarla təmin olunublar.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin yarandığı gündən xidmətin əməkdaşlarına xilasetmə işlərində əməyin mühafizəsi, xilasetmə işlərində tətbiq olunan qurğu və avadanlıqların düzgün istifadəsi, qəza zamanı insanları qəza zonasından təhlükəsiz çıxarılması üzrə biliklərin verilməsi üzrə tədris kursunun yaradılmasında və təşkilində əməyim var.
Bununla yanaşı, İnstitutda digər təhlükəli sahələr üzrə mənim rəhbərliyim altında tədris kursları təşkil olunub. Bunlardan “Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında təhlükəsizlik tədbirləri” kursu, "Yerüstü dağ-mədən işləri rəhbərlərinin (dağ ustalarının) ixtisaslarının artırılması" tədris kursu, “Atraksion qurğularının istismarında təhlükəsizlik tədbirləri”, “Su hövzələrində işləyən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhlükəsizlik tədbirlərinin öyrədilməsi”, “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” üzrə qaz təsərrüfatına cavabdeh şəxslərin və qazanxana operatorları üçün tədris kursunu misal göstərmək olar. Yuxarıda qeyd olunan bütün kursların metodik materialları, test sualları, proqramları mənim rəhbərliyim altında hazırlanıb.
Eləcə də, kursların tədris vəsaitləri mənim rəhbərliyim altında işlənib hazırlanıb. “Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər”, “Xüsusi Riskli Xidmətin əməkdaşlarının əməyin mühafizəsi texniki təhlükəsizliyə dair mühüm aspektlər”, “Su hövzələrində işləyən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının texniki təhlükəsizliyə dair mühüm aspektlər”.
- Sizin rəhbərliyiniz altında neçə nəfər işləyir? Siz necə rəhbərsiniz?
- Hal hazırda şöbədə 6 nəfər işçi çalışır. Şöbədə dörd istiqamətdə işlər aparılır. Bunlardan biri gündəlik daxil olan qazlaşdırılan obyektlərin qaz təchizatı üzrə hazırlanmış işçi layihələrin texniki təhlükəsizlik üzrə nopmativ sənədlərin tələblərinə uyğunluğuna dair ekspertizasını aparılması, son nəticədə rəhbərlik tərəfindən təsdiq olunmuş ekspertiza rəyini sifarişçiyə (fiziki və ya hüquqi şəxsə) təhvil verilməsindən ibarətdir. Digər istiqamət qazlaşdırılması başa çatmış obyektlərin istismara qəbulu ərəfəsində istismara qəbul üzrə texniki icra sənədlərinin yoxlanılması və sənədlərin tamlığı barədə rəyin verilməsi. Üçüncü istiqamət respublika ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində istismar olunan yanacaq çənlərinə texniki təhlükəsizlik sertifiikatının verilməsi ərəfəsində onların texniki təhlükəsizlik norma və standartlarına uyğunluğuna dair ekspertizanın keçirilməsi və rəyin verilməsi.
İnstitutla respublika ərazisində fəaliyyət göstərən ekspert təşkilatları arasında bağlanmış müqavilələr əsasında həmin təşkilatlara ekspertiza rəyinin hazırlanmasında texniki yardımın göstərilməsi şöbənin fəaliyyət dairəsinə daxildir. Şöbənin iş həcminin böyük olmasına baxmayaraq bütün daxil olan müraciətlər vaxtı-vaxtında icra olunur, şöbənin mütəxəssisləri vəzifələrini yüksək profesionallıqla yerinə yetirir.
- Son illərdə siz tərəfdən bir çox normativ sənədlər hazırlanıb. Məsələn, "Magistral neft kəmərlərində texniki təhlükəsizliyi qaydaları” və ya “Azərbaycanın neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”. Siz daha çox hansı çətinliklərlə üzləşirsiniz?
- Normativ-texniki sənədlərin hazırlanmasında əsas çətinlik təcrübəli kadrların çox az olmasıdır. Bu istiqamətdə yaxın gələcəkdə müəyyən işlərin görülməsi nəzərdə tutulur.
- Sizin idarə tərəfindən respublika ərazisində fəaliyyət göstərən obyektlərin qazlaşdırılması üçün qaz layihələrinin ekspertizası aparılır. Bu proses necə baş verir? Bu məsələ ilə bağlı sizə kim müraciət edir? (məsələn, hansı şirkət). Bir şirkəti nümunə göstərərək proses haqqında bizə bir qədər məlumat verin.
- Azərbaycan Respublikasının Texniki təhlükəsizlik qanununun tələbinə görə, bütün təhlükə potensiallı obyektlərin tikintisi, yenidənqurulması zamanı onların işçi layihələri texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğuna dair ekspertizası aparılır, müsbət ekspertiza rəyi əsasında işçi layihə qeydiyyata alınır. Qaz təchizatı obyektlər təhlükə potensiallı obyektlərə aid olması səbəbi ilə, bütün qaz təchizatı obyektlərinin layihələri İnstituta ekspertizaya təqdim olunur, ekspertlər tərəfindən araşdırmalar aparılır və ekspertiza rəyi hazırlanır. Misal üçün, dövlət proqramı əsasında həyata keçirilən respublikanın kənd və qəsəbələrinin qazlaşdırılmasına dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yüzlərlə qaz layihələrinə ekspertiza rəyi verilib.
- 2006-cı ildən 2014-cü ilə qədər siz əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təlim keçmisiniz. Keçirdiyimiz təlim kurslarının xüsusiyyətləri haqqında ətraflı məlumat verin. Şirkət əməkdaşları təlimin hansı mərhələlərindən keçir? Onlar kimdir? Təlimin sonunda institut hansı sənədi verir?
- Öncə qeyd etdiyim kimi, 2006-cı ildən 2014-cü ilə qədər İnstitutda tədris kurslarına rəhbərlik etmişəm. Respublikamızda 2006-2010-cu illərə qədər texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə tədris müəssisələri və yaxud kursları yox dərəcəsində idi. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təhlükə potensiallı müəssisə və obyektlərdə texniki təhlükəsizlik məsələlərinə nəzarət funksiyalarını yerinə yetirərkən aşkar olunmuşdur ki, mütəxəssislərin, rəhbər işçilərin, hətta texniki təhlükəsizlik üzrə mühəndislərin sənaye təhlükəsizliyi və əməyin mühafizəsi üzrə bilikləri aşağı səviyyədədir. Bu isə bilavasitə iş yerlərində qəzalara və xəsarətalmalara səbəb olur. Məlumdur ki, istehsalat sahələrində qəzaların və xəsarətalmaların qarşısının alınmasına müəssisənin işçi heyyətinin bütün təhlükəsizlik norma, standartların və qaydaların tələblərinə riayət etməklə nail olunur. Bu baxımdan, texniki təhlükəsizlik və əməyin mühafizəsi kursunun yaradılması və fəaliyyət göstərməsi məhz bu vacib problemin müəyyən dərəcədə həll olunmasında böyük rol oynayır. Hesab edirəm ki, bizim kurslarda iştirak edən təhlükə potensiallı obyektlərdə çalışan işçilərin texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində bilik səviyyəsinin qənaətbəxş səviyyədə olmasına boyük köməkdir. Təlim keçən mütəxəssislər imtahan verərək şəhadətnamə ilə təmin olunurlar.
Hal-hazırda şöbənin mütəxəssisləri, mən və aparıcı elmi işçi Zəlimxan Əliyev tədris kurslarında müvafiq fənlər üzrə təlimdə iştirak edirik. Bunlardan “Rəhbər işçilərin və mütəxəssislərin texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması və təkmilləşdirilməsi" kursuna, “Əməyin mühafizəsi”, “Müəssisədə əməyin mühafizəsi üzrə işlərin təşkili”, “Yanğın-partlayış təhlükəsizliyi”, “Qaz təhlükəsizliyi” fənləri üzrə, digər təlim kurslarında da yuxarıda qeyd olunan fənlər üzrə müvafiq kurslarda, təlim kurslarında şöbənin adıçəkilən mütəxəssisləri iştirak edir.
- Sizə ən yaxın olan nədir? Hansı mövzu sizi daha çox öyrənməyə cəlb edir?
- Mənim işim insanların bilavasitə təhlükəsizliyi ilə bağlı məslələrə toxunur. Mən üzərimdə böyük məsuliyyət hiss edirəm və bu məsuliyyət məni gördüyüm işlərdə daha dəqiq və prinsipial olmağımı tələb edir. Çünki bizim işimizdən dolayı da olsa insanların təhlükəsizliyi asılıdır. Sizin sualınıza cavab olaraq bildirmək istərdim ki, texniki təhlükəsizliklə bağlı bütün mövzular mənim maraq dairəmdir.
- İşinizdə ən çox nəyi bəyənirsiniz?
- İşimdə təhlükəsizliklə bağlı məsələnin araşdırılmasında dəqiqliyi, normativ tələblər üzrə bilik səviyyəmin təkmilləşdirilməsi zərurətini bəyənirəm.