Sual: Nəsib müəllim, əvvəla, bizə vaxt ayırdığınıza görə Sizə minnətdarıq.
Siz bu səviyyəyə necə gəlib çıxmısınız? Xahiş edirəm bir az özünüz haqqında danışasınız.
Mən Nəsibov Nəsib Məmməd oğlu, 1976-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun neft-mexanika fakultəsini “neft qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə tam kursu əyani olaraq bitirmişəm.
1976-cı ildə İnstitutun göndərişi əsasında Bünyat Sərdarov adına maşınqayırma zavodunun baş texnoloq şöbəsində mühəndis texnoloq kimi işə qəbul olmuşam. Sonradan mühəndis konstruktor, yığma sexində texnoloq, baş mexanikin müavini, baş mexanik, baş mühəndisin müavini və texniki şöbənin rəisi vəzifələrində çalışmışam. 1976-cı ildə, B.Sardarov adına maşınqayırma zavodunun göndərişi əsasında Moskvada xüsusi tərtibatların, presformaların və ştampların işlənməsi və tətbiqi üzrə konstruktor kursunu bitirmişəm.
1985-ci il 31 may tarixində çağırış əsasında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət (Dövdağtexnəzarət) Komitəsində “Qazan nəzarəti və qaldırıcı qurğulara nəzarət müfəttişliyi”ndə sahə müfəttişi, baş müfəttiş vəzifələrində işləmişəm. 1997-ci ildən isə Komitənin “Qaz Nəzarəti Müfəttişliyi”nin rəisi vəzifəsinə təyin olunmuşam.
Azərbaycan Respublikası Prezidentinin 16.12.2005-ci il tarixli sərancamı əsasında Dövdağtexnəzarət Komitəsinin ləğv olunması və Fövqəladə Hallar Nazirliyinin yaranması ilə əlaqədar işdən azad olunaraq, 29 iyun 2006-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyində “Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyi”nin rəisi vəzifəsinə təyin olunmuşam. Bu vəzifədə 02.11.2021-ci il tarixinə kimi işləmişəm və dövlət qulluqçusu kimi təqaüdə çıxmağım ilə əlaqədar olaraq öz xahişimlə işdən azad olunub, 21.11.2021-ci il tarixindən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis vəzifəsinə təyin olundum.
15 dekabr 2007-ci ildə Fövqəladə Hallar Nazirinin əmri ilə “Fəxri Fərman”, 15 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Əməkdar Mühəndis”, 15 dekabr 2010-cu ildə Fövqəladə Hallar Nazirinin əmri ilə “Yubley Medalı” fəxri adları ilə təltif olunmuşam.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi əsasında 23.12.1999-cu ildə Macarıstan Respublikasında “Kimyəvi-bioloji silahların yayılmasına qarşı” seminar kursu bitirmişəm. 06.12.2013-cü ildə Belarus Respublikasında, 03.05.2014-cü ildə isə Ruminya Respublikasında “SEVESO” direaktivləri üzrə texniki təhlükəsizlik barədə seminar kursu bitirmişəm.
Həyat yoldaşım kimya elmlər namizədi, dossentdir. İki evladım var, oğlan və qız. Oğlum vəzifədədir, ədliyyə müşaviridir. Qızım psixoloqdur.
Sual: İstehsalatda işlədiyiniz dövrlərdə nələri öyrənmisiniz və nələri etmisiniz? Xahiş edirəm bunlar barədə qısa da olsa məlumat verəsiniz!
İstehsalat təcrübəmin 9 ili ərzində, yəni zavodlarda işlədiyim dövrlərdə texnoloq, konstruktor, mexanik, baş mexanik, baş mühəndisin müavini və texniki şöbənin rəisi vəzifələrində çalışmağım əsl mühəndis kimi yetişməyimə çox böyük kömək etmişdir. Məndə öz tərəfimdən mənə verilən vəzifənin öhtəsindən gəlmək məqsədi ilə əlimdən gələni etmişəm.
Belə ki, konstruktor işlədiyim dövrdə mürəkkəb konstruksiyaların, o cümlədən konduktorların, ştampların və presformaların cizgilərinin işlənməsində və onların cizgilər əsasında istehsalatda hazırlanmasında mühəndis bacarıqlarımı əsirgəməmişəm. İşlədiyim ştamplarda, presformalarda və tərtibatlarda mürəkkəb konstruksiyalı hissələr, rezin manjetlər və mürəkkəb konustruksiyalar yığılırdı.
Yığma sexinin aparıcı texnoloqu kimi, yeni modeldə konstruksiya olunmuş “Boru düzən kran”ın ilkin variantda yığılmasına texniki rəhbərlik etmişəm və sınaqlardan keçirilməsində iştirak etmişəm.
Mexanik, baş mexanik işlədiyim dövrlərdə isə zavodun əsas və texnoloji avadanlıqlarının planlı və plandan kənar təmir işlərini apararaq istehsalatın texnoloji reqlamentə uyğun olaraq işləməsinə çalışmışam.
Baş mühəndisin müavini işlədiyim dövrdə isə baş mexanik və baş energetik şöbələrinin apardıqları işlərə rəhbərlik etmişəm.
Texniki şöbənin rəisi vəzifəsində işlədiyim dövrdə zavodun istehsal etdiyi avadanlıqlarin texnoloji cizgilərə və proseslərə uyğun istehsal olunmasına texniki rəhbərlik etmişəm.
1985-1997-ci illər ərzində, yəni Dövdağtexnəzarət Komitəsinə müfəttiş vəzifəsinə təyin olduğum dövrlərdə, təhkim olunduğum sahələrdə qazan, qaldırıcı qurğular və təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı üzrə Dövlət nəzarətini həyata keçirmişəm. Nəzarət sahələrinə daxil olan qurğu və avadanlıqların saz saxlanılması və təhlükəsiz istismar olunması ilə bağlı, zavod və müəssisə rəhbərlərinin qarşısında qanunvericilik aktlarının tələblərinə uyğun olaraq tələblər qoymuşam və onların icrasına nəzarət etmişəm. Buna misal olaraq, Bakı şin zavodunda qaldırdığım ciddi problemin hökumət səviyyəsində necə həll olunduğunu göstərmək olar. Bakı şin zavodunda illərlə (1930-cu ildən quraşdırılmış) əsaslı təmir olunmayan, Nərimanov rayonunda sənaye müssisələrinin parkı, isti su ilə təchiz edən 5 ədəd böyük həcmli qazanların istismarını növbəli şəkildə dayandırıb əsaslı təmirə saxlatmışam. Qazanların əsaslı təmirə dayandırılmasına göstəriş, nəzarət orqanının tələbi ilə Mərkəzi komitə və Nazirlər kabineti tərəfindən verildi.
1990-1997-ci illər ərzində, Heydər Əliyev adına Dərin özüllər zavodunda Dövlət müfəttişi kimi nəzarət-proflaktiki işlər apardığım dövürlərdə, böyük neft kontraktının əsas hissəsi olan “Çıraq-1” dəniz kompleksinin yığılmasında iştirak etmişəm. Dövlət müfəttişi olaraq aparılan işlərin təhlükəsizlik baxımından beynəlxalq norma qaydaların, respublikada qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğunluğunun təmin olunmasına çalışmışam. Nəticədə “Çıraq-1” dəniz kompleksinin yığılıb dənizdə quraşdırıldığı dövr ərzində heç bir ciddi qəza və bədbəxt hadisə baş verməmişdir.
1997-ci ildən, Komitənin “Qaz Nəzarəti Müfəttişliyi”nin rəisi vəzifəsinə təyin olduğum dövrdən, Bakı şəhərində yerləşmiş maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət aparan müfəttişliyin işinə rəhbərlik etmişəm.
Rəhbərlik etdiyim dövrlərdə, nəzarət-proflaktiki işlərin təhlili ilə yanaşı normativ hüquqi aktların yenidən işlənməsi ilə də məşqul olmuşam. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların işlənib, aidiyyatı qurumlarla razılaşdırılıb təsdiq olunmasında aparıcı müfəttiş kimi iştirak etmişəm. Nəticədə adı çəkilən Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin Qayda bu gün də qüvvədədir və tələb olunduğu sahələrdə tətbiq olunur.
29 iyun 2006-cı il tarixində, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyində “Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyi”nin rəisi vəzifəsinə təyin olduğum dövrdən, Bakı şəhərində yerləşmiş maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət aparan müfəttişliyin işinə rəhbərlik etmişəm. Gündəlik aparılan nəzarət-proflaktiki işlərlə yanaşı, yeni konstruksiyalı və dizaynlı tikililərin, onlarda quraşdırılan qurğu və avadanlıqların, cihazların qüvvədə olan normativ aktların tələbləri ilə uzlaşması, təhlükəsizlik baxımından tələblərə cavab verməsi istiqamətində aparılmış işləri xüsusi ilə qeyd etmək olar. Bu tipli tikililərdən “Alov binaları”nın qazlaşdırılmasını, “Bakı bus” avtobus parkında quraşdırılmış sıxılmış qaz doldurma stansiyasını, Heydər Əliyev adına yeni futbol stadionunun qazanxanasının qazlaşmasını, SOCAR və “Azpetrol” şirkətləri tərəfindən yeni texnologiya əsasında quraşdırılmış sıxılmış və maye qaz doldurma stansiyalarının tikintisini və istismara qəbulunu göstərmək olar. Bu görülən işlər müfəttişliyin apardığı nəzarət-profilaktiki tədbirlər nəticəsində həyata keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin tapşırığı ilə, 2015-ci ildə Belarus Respublikasının Minsk şəhərində təcrübə mübadiləsi ilə bağlı ezamiyyətdə olduq və onların Dövlət nəzarət qurumu olan «Госпромнадзор»un rəhbərliyi ilə görüşdük. Görüşdə Azərbaycan Respublikası tərəfindən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin rəhbəri, texniki şöbənin və “Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyi”nin rəisləri iştirak etdik. Belarus Respublikasının rəhbərliyi tərəfindən yaradılmış işgüzar şəraitlər nəticəsində ayrı-ayrı müfəttişliklərlə görüşlər oldu. Onların iş metodu və yerlərdə apardıqları nəzarət-proflaktiki işlərlə yaxından tanış olduq. Belarus Respublikasının Komitə sədri və aparat üzvlərinin iştirakı ilə geniş müşavirə keçirildi. Müşavirədə qarşılıqlı suallar və məsləhətləşmələr aparıldı.
Müfətişliyə rəhbərlik etdiyim dövrdə Fövqəladə Hallar Nazirliyinin əmri ilə, “Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda “təbii və maye qazın təmizlənməsi, nəqli və istehlakçılara çatdırması istiqamətində görülmüş işlərin araşdırılması” üzrə komissyaya rəhbərlik etmişəm. Tərəfimizdən yerlərdə aidiyyatı qurumların nümayəndələri ilə birlikdə müayinə və araşdırmalar aparılmış, arayış tərtib edilmiş, məruzə hazırlanmışdır. Cənab nazir, Kamaləddin Heydərovun, Dövlət Neft Şirkətinin rəhbərlərinin iştirakı ilə apardığı müşavirədə məruzə tərəfimdən oxunmuş, iştirakçılar tərəfindən müzakirə edilmiş və qərar qəbul olunmuşdur.
Sual: İnstitutda işlədiyiniz müddətdə baş mütəxəssis olaraq nə işləri görmüsünüz və nələri görmək istəyərdiniz?
Bildiyiniz kimi, İnstitutun baş mütəxəssisinin əsas vəzifəsi, təhlükəsizlik sahəsində İnstitutda aparılan texniki sənədlərin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğunluğun olmasına nəzarət etməkdən və iş prosesində bu tələblərin icrası ilə bağlı lazım olan işlərin görülməsini tələb etməkdən ibarətdir.
İnstitutun 10.12.2021-ci il tarixli əmrinə əsasən texniki normativ sənədlərin layihələrinin hazırlanması üzrə yaradılmış komissiyanın sədr müaviniyəm. Bununla bağlı iş planı tərtib olunmuş, hazırlanacaq normativ sənədlərin adları müəyyən edilmiş, işçi qruplar təyin edilmiş, plan Agentliklə razılaşdırılmış və aidiyyatı işçilərə paylanmışdır.
Lakin, 24.09.2022-ci il tarixində,“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsinda dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çıxdıqdan sonra, Agentliyin və İnstitutun rəhbərliyinin göstərişi əsasında, normativ sənədlərin İnstitutda işlənməsi müvəqqəti olaraq dayandırılmışdır. Dayandırmanın səbəblərindən biri də, sərəncamda, normativ sənədlərin respublika səviyyəsində işlənməsi istiqamətində xüsusi bəndin olmasıdır (4.2.3-cü bənd). Yəni, normativ sənədlərin İnstitutda yenidən işlənməsi məsələsinə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış komissyanın çıxartdığı qərarından sonra yenidən baxılacaqdır.
“Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda Agentlik tərəfindən, regionlarda keçirilən seminar-müşavirələrdə İnstitut adından iştirak etmişəm, görülmüş və görülməsi tələb olunan işlər barədə məruzələr hazırlayıb çıxışlar etmişəm. İş adamlarının verdiyi sualları cavablandırıb izahatlar aparmışam. İnstitutun 8 əsas istiqamətdə apardığı işlər barədə seminar iştirakçılarını məlumatlandırmışam.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 02.03.2020-ci il tarixli əmrinə əsasən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun Gəncə filialının yaradılması tapşırıldı. Filialın ilkin vaxtda işə başlaması üçün mütəxəssislərin yığılması, onları İnstitutun şöbələrində təcrübədən keçirmək, sonra isə Gəncə şəhərində yerləşdirib işə başlamaları tapşırığını aldım. Nəticədə verilmiş tapşırıq tərəfimdən icra olundu və hal-hazırda filial Gəncədə bir şöbə kimi fəaliyyət göstərir. Filialın ştat cədvəli və Əsasnaməsi təsdiqləndikdən sonra genişləndirilməsi işlərinə yenidən baxılacaqdır.
İnstitutda apardığım əsas işlərdən biri də, təhlükə potensiallı obyektlərin layihələrinə, qurğu və avadanlıqlarına, texniki təhlükəsizlik baxımından verilən ekspertiza rəylərinin normativ hüquqi aktların tələblərinə uyğunluğunu araşdırmaq və təsdiqləməkdən ibarətdir. Bu məqsədlə İnstitutun 13.05.2022-ci il tarixli əmrinə əsasən işçi qrupun üzvüyəm. Qrup üzvü olaraq, ekspertlərimiz tərəfindən tərtib olunmuş ekspert rəyləri tərəfimizdən oxunur, araşdırılır, irad və təkliflər olduqda dəyişdirilir. Ekspert rəyləri tələblərə cavab verdiyi halda tərəfimizdən təsdiqlənir.
İnstitutun 16.08.2022-ci il tarixli əmrinə əsasən aidiyyatı sənaye sahələri (daha doğrusu şöbə və laboratoryalar) üzrə ekspertlər təyin olunmuşdur. Gündəlik aparılan ekspertiza işlərində ekspertlərimizlə elmi-texniki izahlar və tələblər aparılır. Bu tədbirlər isə onların bilikli və təcrübəli ekspert kimi yetişməklərinə çox böyük köməkliklər etmiş olur.
Bununla yanaşı İnstututda çalışan ekspertlərin hazırlanması məqsədi ilə tərəfimizdən xüsusi attestasiya proqramları işlənmişdir. Proqramlar əsas sənaye sahələrini əhatə edir. Hal-hazırda onların razılaşdırılması və dərs deyəcək müəllimlərin seçilməsi, qruplar üzrə dərs cədvəllərinin tərtibi və s. məsələlərlə bağlı işlər aparılır. Əsas işlərimizdən biri attestasiyanın keçirilməsidir ki, onunda icrası yuxarıda qeyd elədiyim Prezidentin sərancamı ilə yaradılmış komissyanın apardığı işlərdən və bilikli mütəxəssislərin bu işə cəlb olunmasından çox asılıdır.
Görmək istədiyim əsas işlərdən biri, İnstitutumuzda çalışan ekspertlərin bilik və təcrübələrinin artırılması, onların ixtisasları üzrə attestasiyadan keçirilməsidir. İkinci istədiyim iş isə, Agentliyin nəzarət sahələri üzrə istifadədə olan normativ-hüquqi aktların yenidən işlənməsini təşkil etməkdir.
İnstitutumuzda elmli, təcrübəli və bacarıqlı mütəxəssislər işləyir. Mən isə onların sayının daha çox olmasını arzu edirəm. Sevindirici hal isə odur ki, İnstitutumuzda bilikli və savadlı cavan kadrlar işləyir. Onların sayının artırılması isə hamımızın borcudur.
Bunu da xüsusiilə qeyd etmək lazımdır ki, qarşıya qoyulmuş məsələlərin həlli üçün Agentliyin və İnstitutun rəhbərləri tərəfindən sağlam şəraitlər yaradılmışdır. İnstututda yaradılmış iş şəraiti, yeniliklərə üstünlük vermək, işləyən mütəxəssislərə hər tərəfli köməklik etmək, onların əməklərinə qiymət vermək İnstitut rəhbərliyinin əsas məqsədi olduğunu biz əyani olaraq görürük. Yaradılmış şəraitlərdən istifadə edərək, qarşıya qoyulmuş məsələlərin həllinə nail olmaq isə, bir əməkdar mühəndis və 36 il bu sistemdə çalışmış mütəxəssis kimi həm vəzifəmdir, həm də vətəndaşlıq borcumdur.
Nəsib müəllim, müsahibə üçün bir daha təşəkkür edirik. Ad gününüzün ərəfəsində Sizə parlaq nailiyyətlər və cansağlığı arzulayırıq! Sizinlə birgə işləməkdən qürur duyuruq!